CƏMİYYƏT
Vahid Hacıyev: Zəngilanın Ağalı kəndindəki bərpa-quruculuq işləri San-Marino Bəyannaməsinə uyğun olaraq aparılır
Bakı, 3 oktyabr, AZƏRTAC
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev oktyabrın 3–də BMT-nin Avropa İqtisadi Komissiyasının Şəhər, inkişaf, mənzil və torpaq idarəçiliyi üzrə keçirilən 83-cü sessiyasında çıxış edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, “İnklüziv, təhlükəsiz, dayanıqlı şəhərlər inklüziv və dayanıqlı şəhər dizaynı və memarlığı tələb edir” adı altında keçirilən panel müzakirələrində “Müharibədən sonrakı şəhər layihələndirməsi: Zəngilan nümunəsində təhlükəsizlik və dayanıqlılığın təmin edilməsi üçün çağırış və nailiyyətlər” mövzusunda çıxış edən Vahid Hacıyev işğaldan azad olunmuş Zəngilan rayonunda bərpa-quruculuq işləri və əhalinin yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.
Zəngilan rayonunda aparılan yenidənqurma işlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və San-Marino Bəyannaməsinə uyğun şəkildə aparıldığını bildirən Prezidentin xüsusi nümayəndəsi, bütün bu işlərin görülməsində əsas məqsədin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, onların burada yaşaması üçün zəruri infrastrukturun yaradılması olduğunu qeyd edib.
Çıxışında, həmçinin yenidənqurma zamanı qarşıya çıxan çağırışlar haqqında danışan Vahid Hacıyev, burada ən önəmli məsələnin ərazilərin minalar və partlamamış hərbi sursatlardan təmizləmə və təhlükəsizliyin təmin edilməsi olduğunu, bunun ümumi yenidənqurma prosesini ləngitdiyini, lakin buna baxmayaraq, tətbiq olunan planlaşdırma və onun məqsədyönlü icrası üzrə kifayət qədər çox işin artıq tamamlandığını vurğulayıb.
Sonra Zəngilan rayonunda “ağıllı” və dayanıqlı konsepsiyalara uyğun şəkildə tikilən Ağalı kəndi haqqında danışan Vahid Hacıyev, burada bütün lazımi infrastrukturun yaradıldığını, artıq 66 ailənin, ümumilikdə, 326 nəfərin doğma yurduna köçürüldüyünü vurğulayıb.
Sonda Prezidentin xüsusi nümayəndəsi tamamilə dağıdılmış Zəngilanın Baş Planının artıq hazır olduğunu, gələcəkdə müasir yaşayış evləri, yüksək keyfiyyətli şəhər infrastrukturu ilə Zəngilanın insanlar üçün rahat və dayanıqlı şəhər olacağını qeyd edib.