CƏMİYYƏT
Vahid Kirişçi: Müstəqillik uğrunda şəhidlərimiz qəlblərdə ölümsüz bir iz buraxıblar
Bakı, 19 may, AZƏRTAC
Əziz şəhidlərimiz bu qədim torpaqlarda bundan 104 il öncə azərbaycanlı qardaşlarımızla birlikdə qəhrəmanlıq göstərərək şəhidlik mərtəbəsinə yüksəliblər. Azərbaycanın müstəqilliyi uğrunda verdikləri müqəddəs işdə şəhidlərimiz qəlblərdə ölümsüz bir iz buraxıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 19-u Şəhidlər xiyabanını ziyarəti zamanı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi jurnalistlərə müsahibəsində deyib.
V.Kirişçi bildirib ki, şəhidlərimizin qəhrəmanlıqları illər sonra 44 günlük Vətən müharibəsi ilə ölkələrini işğaldan qurtaran Azərbaycan əsgərlərinə də təmkin, əzm və güc verdi. Bu gün şəhidlərimizin adlarını Bakının gözəl məkanında bir daha hörmət və ehtiramla anırıq.
Qeyd edib ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət” şüarları ilə Türkiyə-Azərbaycan qardaşlığı illərlə davam edəcək: “Azərbaycanın hər bir guşəsində yatan yüzlərcə şəhidimiz bu qardaş torpaqlarda rahat uyusunlar. Ruhları şad olsun”.