CƏMİYYƏT
Vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanılıb
Bakı, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2021-ci il iyunun 25-də imzaladığı Fərmana əsasən şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə vahid məkandan xidmətlərin göstərilməsi üçün yaradılmaqda olan vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST Agentliyində təşkil olunan təlimlərdə onlar DOST konsepsiyası, DOST mərkəzlərinin fəaliyyət istiqamətləri, missiyası, həmin mərkəzlərdə göstərilən xidmətlər, eləcə də xidmətlərin göstərilmə formaları və s. ilə bağlı ətraflı məlumatlandırılır. Həmçinin nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemləri, müraciətlərin qəbulu prosesinin təşkili, vətəndaşların müraciətlərinin icrasının nəticəsi ilə bağlı məlumatlandırılması mexanizmi ilə tanış olurlar.
Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə 7 dövlət orqanı üzrə 26 istiqamət (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək. Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə DOST mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə nazirliyin yerli qurumlarının binalarında təşkil olunacaq.