SİYASƏT
Vaja Lortkipanidze: Böyük siyasi xadim Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusudur
Tbilisi, 11 may, AZƏRTAC
Tarixdə ömrünü, həyatını xalqına, dövlətinə, millətinin gələcəyinə həsr edən tarixi şəxsiyyətlər az-az olurlar. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın böyük oğlu Heydər Əliyevdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın sabiq dövlət naziri, siyasi xadim Vaja Lortkipanidze söyləyib.
Onun sözlərinə görə, bugünkü müasir, müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu məhz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra möhkəmlənə, inkişaf edə və dünyada layiq olduğu yeri tuta bilib.
V.Lortkipanidze deyib: “Heydər Əliyev təkcə Azərbaycanın xilaskarı deyil. Müasir, yeni Gürcüstan dövlətinin xilasında da Heydər Əliyevin çox böyük əməyi olub. Heydər Əliyev və Eduard Şevardnadze dostluğu bu iki dövləti çox güclü xarici təsirlərdən, dövlətlərimizi parçalanmaq və məhv olmaq kimi təhlükələrdən qoruyub”.
Müsahib bildirib ki, Heydər Əliyev və Eduard Şevardnadze çox mürəkkəb geosiyasi dövrdə bütün zərbələri öz üzərlərinə götürərək iki qonşu və dost, qardaş ölkəni yeni inkişaf yoluna çıxardılar. Bu gün regionda həyata keçirilən iri enerji layihələrin də əsas təşəbbüskarı da Heydər Əliyevdir. Eduard Şevardnadzenin də güclü dəstəyi nəticəsində həyata keçirilən regional layihələr bizim gələcəyimizin əsas qarantına çevrildi.
“Çox şadam ki, bu gün Azərbaycana Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən bir siyasətçi İlham Əliyev rəhbərlik edir. Ata vəsiyyətini davam etdirən İlham Əliyevin səyi nəticəsində münasibətlərimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, – deyə V.Lortkipanidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi