ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 193 nəfər uğur qazanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in noyabrın 28-i saat 10:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 193 nəfər uğur qazanıb. Onlardan 99-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 9-u Dövlət Statistika Komitəsində, 8-i Sumqayıt Kommersiya Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.