REGİONLAR
Vakant iş yerlərində işaxtaranlara təklif edilən əmək haqqı 150-600 manat arasında olub
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin və məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasına rayonun 42 idarə, müəssisə və təşkilatından 346 daimi, kənd təsərrüfatında mövsümlə bağlı 255 boş iş yeri çıxarılmışdı.
Ümumilikdə 19-u dövlət, digərləri özəl bölməyə aid olan vakant iş yerləri əsasən qaz istismarı, elektrik şəbəkəsi, suvarma sistemləri, səhiyyə, təhsil və digər sahələri əhatə edib.
Əmək yarmarkasına çıxarılan vakant iş yerlərində işaxtaranlara təklif edilən əmək haqqı 150-600 manat arasında olub.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Elçin Səlimov əhalinin məşğulluğunun təmin olunmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafını və əhalinin məşğulluğunu prioritet elan edən Prezident İlham Əliyevin qayğısı ilə bütün ölkədə olduğu kimi, Salyan rayonunda da yeni istehsal və emal müəssisələri işə salınır, iş yerləri açılır.
Gün ərzində davam edən əmək yarmarkasında müraciət edənlərin bir qisminə işlə təmin olunmaq məqsədilə idarə, müəssisə və təşkilatlara göndəriş vərəqəsi verilib, 32 nəfər peşə hazırlığı kurslarına, 6 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.