CƏMİYYƏT


Vaksinasiya dövlətimizin vətəndaşların sağlamlığına verdiyi yüksək dəyərin əyani göstəricisidir

Bakı, 19 yanvar, AZƏRTAC

Pandemiya ilə mübarizə hazırda ölkəmizdə yürüdülən siyasətin əsas prioritetlərindən biridir. Dövlət öz üzərinə düşən hər şeyi edir, vətəndaşını maksimum dərəcədə qoruyur, bu istiqamətdə ən düzgün və ciddi ölçülüb-biçilmiş addımlar atır. Vaksinasiya prosesinin başlaması da həmin qəbildəndir. Azərbaycan dünyanın ən öndə gedən dövlətləri ilə bərabər bu prosesə start verdi. Artıq mərhələli şəkildə vaksinlərin vurulmasına başlanılıb. səhiyyə naziri, eyni zamanda, TƏBİB-in sədri canlı yayımda peyvənd olundular. Bu, gözəl nümunədir və insanlara da çağırışdır ki, gecikmədən prosesə qoşulsunlar.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Vaksinasiyaya qədər ölkədə çox böyük işlər görüldüyünü diqqətə çatdıran deputat qeyd edib ki, qısa müddət ərzində respublikada modul tipli xəstəxanalar yaradıldı, maska istehsal edən müəssisələr fəaliyyətə başladı, dərman təminatı yüksəldildi, tibb işçiləri fədakarlıq göstərdilər. Məhz bunların nəticəsidir ki, koronavirusla mübarizədə müəyyən nəticələr əldə etdik, yoluxma sayı azaldı.

Deputat deyib: “Hazırda vəziyyət stabildir. Artıq sərt karantin qaydalarında da müəyyən yumşalmalar var. Vaksinasiya prosesi genişləndikdən sonra isə vəziyyət tam qənaətbəxş olacaq. Bu səbəbdən insanlarımız diqqətli olmalı, peyvənd olunmaqdan çəkinməməli, prosesə qoşulmalıdırlar. Şəxsən, mən özüm ilk fürsətdə peyvənd olunmağı düşünürəm. Hətta arzulayıram ki, növbə mənə tez çatsın”.

Elşən Musayev vurğulayıb ki, normal həyata qayıtmaq hamımızın arzusudur. Amma bu arzunu reallaşdırmaq üçün bütün qaydalara, tövsiyələrə riayət etməliyik: “Dövlətimiz əlindən gələn hər şeyi edir. Xüsusilə qeyd etmək istəyirəm ki, xeyli sayda dövlət var vaksin əldə etmək onlar üçün mümkünsüz bir şeydir. Azərbaycan isə artıq o vaksinləri alıb və hətta tətbiqinə də başlayıb. Bu, həqiqətən böyük uğurdur və Azərbaycan dövlətinin öz vətəndaşını maksimum şəkildə qorumasının növbəti, əyani sübutudur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.