İQTİSADİYYAT
Valdas Jelnia: Bu sərgi qida sənayesində öz xidmətlərini təqdim etməyə çalışan bir çox şirkətlər üçün yaxşı təcrübədir
Bakı, 8 aprel (AZƏRTAC). Biz öz stendimizdə Almaniyanın “MKN” şirkətinin dünyada bənzəri olmayan avadanlıqlarını nümayiş etdiririk. Bu avadanlıqlar sayəsində yeməklər standart yeməkbişirmə prosedurundan üç dəfə daha tez hazırlanır.
Bu sözləri “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin iştirakçısı, İsveçrənin “ROVABO” şirkətinin baş meneceri Valdas Jelnia AZƏRTAC-a müsahibəsində demişdir.
İsveçrəli qonaq bildirmişdir ki, artıq Bakının müxtəlif otel, restoran və turizm obyektlərinin nümayəndələri stendimizi ziyarət edərək müsbət rəy bildirmiş və biznes əlaqələrində maraqlı olduqlarını bəyan etmişlər. Burada sərgi qonaqları restoran və otellər, ictimai iaşə xidmətləri, habelə yeməklərin hazırlanmasında ixtisaslaşmış şirkətlər üçün ən yaxşı avadanlıqlarla tanış olurlar. Şirkətimiz artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın müxtəlif dövlətlərində, o cümlədən MDB ölkələrində məşhurlaşaraq nüfuz qazanmışdır.
Sərginin qida sənayesində öz xidmətlərini təqdim etməyə çalışan bir çox şirkətlər üçün yaxşı təcrübə olduğunu deyən V.Jelnia diqqətə çatdırmışdır ki, burada müsbət nəticələr və perspektivli tanışlıqlar qazanmışıq. Qeyd etmək istərdim ki, Bakı şəhərində yerləşən ofisimiz də daim müştərilərin xidmətindədir. Ötən il biz aşpazlar və yerli əhali üçün 10-a yaxın seminar təşkil etmişdik.