CƏMİYYƏT
Valeh Hadıyev: Şəhid ailələri onlara göstərilən maddi və mənəvi dəstəkdən razıdırlar
Bakı, 9 fevral, AZƏRTAC
Hadıyev Saleh Sabir oğlunun o qədər də uzun tərcümeyi-halı yoxdur. O, 1977-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Qəsəbədəki 108 nömrəli orta məktəbi bitirəndən sonra texniki-peşə məktəbində aşpaz ixtisasına yiyələnib. 1995–ci ildə hərbi xidmətə çağırılıb. Həmin ilin noyabrında Murovda şəhid olub.
Kiçik, kiçik olduğu qədər də ibrətamiz və sadə bir ömür yolu. O, bu Vətəni, anamız Azərbaycanı çox sevirdi və lazım gələndə də onu öz həyatını qurban verməklə sübut etdi. Nə yaxşı ki, Vətən belə övladları unutmur.
Şəhid hərbi qulluqçunun qardaşı Valeh Hadıyev AZƏRTAC-a deyib: “Saleh çox qısa ömür sürsə də, ölümü ilə həyatını əbədiləşdirdi. O, şərəfli bir yolda, Vətən, torpaq yolunda şəhid oldu. Biz hamımız onunla fəxr edirik”.
Prezident İlham Əliyev də şəhidlərin vərəsələri ilə görüşdə onların fədakarlığını çox yüksək qiymətləndirdi. Valeh dövlət başçısının şəhid ailələrinin problemlərini diqqət mərkəzində saxladığını da qeyd edib: “Bütün şəhid ailələrinin birdəfəlik ödəmə ilə təmin olunması və onlara ödənilən aylıq müavinətlərin artırılması bunu bir daha sübut edir. Prezident bununla çox vacib və gərəkli bir addım atdı. Təsadüfi deyil ki, onun bu addımı cəmiyyətin bütün təbəqələri tərəfindən şəhid ruhuna hörmət və ehtiram kimi qiymətləndirilir. Mən də bunu şəhid ailələrinə göstərilən maddi və mənəvi dəstək hesab edirəm".