CƏMİYYƏT
Valeh Məmmədov: Könüllü gənclər Şuşa ilə tanışlıq zamanı əsl bayram sevinci yaşadılar
Şuşa, 13 sentyabr, Leyla Qurbanova, AZƏRTAC
Şuşa xəyallarımızın gerçəkləşdiyi yerdir. Biz gənclər çox xoşbəxtik ki, Azərbaycanın bu gözəl və qədim diyarının yenidən dirçəldilməsində iştirak etmək şansımız yaranıb. Gənclərimizin hər biri əziz Şuşamızın yenidən dirçəldilməsi işinə öz töhfələrini verməyə can atır.
Bu sözləri gənc fəal Valeh Məmmədov sentyabrın 13-də Şuşada AZƏRTAC-a müsahibəsində deyib.
Könüllü gənclərin Şuşa ilə tanışlıq zamanı əsl bayram sevinci yaşadıqlarını vurğulayan V.Məmmədov deyib: “Gənclərimiz hər daşında tarix yatan bu gözəl şəhəri seyr etməkdən doymurlar. Biz “Əziz Şuşa bir daha səndən ayrılmarıq”, - kəlmələrini az qala hayqırıb demək istəyirik. Bu xoşbəxtliyi bizə nəsib edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna ömür boyu minnətdarıq. Biz Şuşada əbədi yaşayacağıq. İndi əsas vəzifəmiz Şuşa həqiqətlərini bütün dünyaya daha geniş yaymaq, mənfur düşmənin iç üzünü açaraq bəşəriyyətə göstərməkdir. Gənclərimizi bu işdə fəal olmağa səsləyirəm”.