REGİONLAR


Valeh Salehov: Azərbaycan Ulu Öndərin dühası sayəsində fəlakətdən xilas oldu

İsmayıllı, 13 iyun, AZƏRTAC

1993-cü ilin ortalarınadək ölkəmizdə xaos hökm sürürdü. Tarixi düşmənlərimiz olan ermənilərin hücumuna məruz qalan Azərbaycan kənd-kənd, bölgə-bölgə işğal olunurdu. Bütün qüvvələrin ölkənin müdafiəsi üçün səfərbər edilməli olduğu halda daxili çəkişmələr baş alıb gedirdi. Xalqımız, vətənimiz müdafiəsiz, rəhbərsiz qalmışdı. O zamankı AXC-Musavat cütlüyünün hakimiyyətini təmsil edənlər idarəetmə bacarığından, vətəndaş mövqeyindən tamamilə uzaq idilər. Onların mənəviyyatı, biliyi, idarəetmə yolları meydanlarda formalaşmışdı. Özünü lider kimi görən vəzifə sahibləri hərəsi bir silahlı dəstə düzəltmişdi. Çoxu da reketçiliklə məşğul idi. Hakimiyyət ortaya atdığı qondarma polkovnikə “Milli qəhrəman” adı verib, özünə qarşı çevirmişdi. Milli Məclisin də, Nazirlər Kabinetinin də rəhbərliyi səriştəsiz, heç bir idarəetmə təcrübəsi olmayan “meydan qəhrəmanları”nın əlinə keçmişdi. Azərbaycan parçalanmaya, fəlakətə doğru gedirdi.

Bu fikirləri İsmayıllıdan olan ziyalı Valeh Salehov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində səsləndirib.

Veteran ziyalı deyib: Azərbaycanın başında “AXC-Musavat” kabusu dolanan bir zamanda xalqımızın ümidi yalnız Ümummilli Liderimiz, 1969-cu ildən başlayaraq milli taleyimizi öz şəxsi taleyindən üstün tutan Heydər Əliyevə idi. İnsanlar çarəni yalnız Ulu Öndərdə görürdülər. Ümumxalq maraqları ilə yaşayan hər bir Azərbaycan vətəndaşı dərindən dərk edirdi ki, anarxiya, xaos və özbaşınalıqdan əziyyət çəkən, iqtisadiyyatı çökən, əhalisinin sosial durumu son dərəcə ağırlaşan, torpaqları işğal olunan, bir milyona yaxın vətəndaşının qaçqın və köçkün düşdüyü Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilərdi.

O zamankı hakimiyyət də vəziyyətdən xilas olmaq üçün Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalmışdı. 1993-cü il iyunun 15-də xalqın istək və arzularına cavab verən Heydər Əliyev Milli Məclisin sədri seçildi. Yeni Azərbaycan Partiyası iqtidara gəldi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inam qaytarıldı. Həmçinin neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Ziyalı V.Salehov sözünə davam edərək deyib: Azərbaycan Ulu Öndərin dühası sayəsində fəlakətdən xilas oldu. Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, respublikamızı güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün misilsiz əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olmuşdur.

İsmayıllı sakini sonda bu gün Azərbaycanın etibarlı əllərdə olduğunu, dahi lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla irəlilədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.