SİYASƏT
Valensiya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri: Biz beynəlxalq təşkilatları ədalətə səsləyirik
Madrid, 25 fevral, AZƏRTAC
Ümumavropa Qarabağ mitinqində mənim təmsil etdiyim Valensiya Azərbaycanlıları Cəmiyyəti beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə qərəzsiz yanaşmağa, ədalətin tərəfində durmağa çağırıb.
Bu fikri AZƏRTAC-a müsahibəsində Valensiya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Mübariz İbrahimov deyib.
M.İbrahimov qeyd edib ki, o, Berlində keçirilən Qarabağ mitinqində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dəfələrlə pislənməsinə, beynəlxalq hüququn normalarını, xüsusən insan hüquqlarını kobud şəkildə pozmasına baxmayaraq, Ermənistan dövlətinin qəbul edilən hüquqi sənədlərə etinasızlıq göstərdiyini və müntəzəm olaraq atəşkəs rejimini pozmasını diqqətə çatdırıb. “Biz beynəlxalq təşkilatlara üzümüzü tutub deyirik: Qərəzsiz olun!”, - deyə Valensiya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid