SİYASƏT
Valeri Kolyux: Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq çox uğurla davam etdirilir
Kiyev, 18 sentyabr, AZƏRTAC
Ukraynanın milli təhlükəsizliyinə dair qəbul edilən yeni strategiyada Azərbaycanın strateji tərəfdaş kimi müəyyən edilməsi ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə heç bir problem yoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.
Deputat qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın bu səviyyəyə yüksəldilməsində Azərbaycanın böyük xidmətləri var.
“Pandemiya dövrünə baxmayaraq, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq çox uğurla davam etdirilir. Hər iki ölkə dost, qardaş münasibətləri nümayiş etdirir. İkitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq arenada qarşılıqlı dəstək ifadə olunur”, - deyə V.Kolyux əlavə edib.
Deputat, həmçinin bildirib ki, bu gün Azərbaycan diasporu Ukraynanın siyasi, iqtisadi və mədəni inkişafına böyük töhfə verir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev