SİYASƏT
Valeri Kolyux: Ukrayna Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipini tam dəstəkləyir
Kiyev, 29 sentyabr, AZƏRTAC
Ukrayna Dağlıq Qarabağda vəziyyəti diqqətlə izləyir və münaqişənin növbəti dəfə genişlənməsinə görə dərin narahatlıq keçirir. Biz Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsipini tam dəstəkləyirik və hadisələrin güc tətbiq etmə ssenarisi üzrə inkişafının qəti əleyhinəyik.
Ukrayna Ali Radasının deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq qrupunun həmsədri Valeri Kolyux bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, müharibə hər bir insan üçün müsibətdir.
Valeri Kolyux bu münaqişədə öz doğmalarını, yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verərək deyib: “Vəziyyətin kəskinləşdiyi şəraitdə münaqişə tərəfləri Cenevrə konvensiyalarına əməl etməli, mülki əhali üçün hər hansı təhdidləri istisna etməli, zərərçəkənlərin sayını minimuma endirməlidirlər”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri