MƏDƏNİYYƏT


Valeri Polunovski: Azərbaycan xalqı çox qonaqpərvərdir, Bakı isə öz gözəlliyi ilə insanı valeh edir VİDEO

Bakı, 16 fevral, Ruslan Manafov, AZƏRTAC

Azərbaycanlılar qonaq qəbul etməyi sevən və bacaran çox qonaqpərvər xalqdır.

Bunu AZƏRTAC-a müsahibəsində Rusiya Rəssamlar İttifaqının üzvü, Sankt-Peterburq Teatr Sənəti Akademiyasının müəllimi, teatr rəssamı Valeri Polunovski deyib.

Polunovski bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O, Bakıya tanınmış Azərbaycan rejissoru Kamran Şahmərdanın dəvəti ilə gəlib. “Mən köhnə dostum və uzun müddətdir teatr işi üzrə yoldaşlıq etdiyim rejissor Kamran Şahmərdana minnətdaram. Onunla 10 ilə yaxındır tanışıq və birlikdə Avropanın müxtəlif ölkələrində, Rusiyada, o cümlədən Sankt-Peterburqda 10-dan çox tamaşanı səhnələşdirmişik. Kamran Şahmərdanın sayəsində mən ilk dəfə Azərbaycana gəldim. Bu, mənim üçün çox maraqlı təcrübədir”, - deyə rəssam bildirib.

Rejissor K.Şahmərdanla birgə fəaliyyətindən bəhs edən V.Polunovski qeyd edib ki, onlar hazırda Azərbaycanın Xalq yazıçısı Elçinin “Şeytan əməlləri” pyesinin tamaşası üzərində işləyirlər. Rəssam bildirib: “Artıq mənə K.Şahmərdanla birlikdə Azərbaycanın tanınmış dramaturqu Elçinin “Qatil” pyesini Sankt-Peterburqda səhnələşdirmək nəsib olub. Bu dəfə “Şeytan əməlləri”ni tamaşaçılara təqdim edəcəyik. Pyes hər şeydən əvvəl öz janrı ilə diqqəti cəlb edir. K.Şahmərdan bu absurd pyesində bugünkü əhval-ruhiyyə və müasir insan üçün aktual olan məqamları bütün dərinliyi ilə hiss edə bilib. Tamaşa haqqında əvvəlcədən bir şey söyləyə bilmərəm, çünki o, hələ yaradıcılıq mərhələsindədir. Tamaşanın premyerası martın 16-da olacaq. Baş rolların ifaçıları arasında aktyorlar Məbud Məhərrəmov, Mələk Abbaszadə, Timur Nəzərov və bir çox başqaları var”.

Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşən teatr rəssamı qeyd edib ki, onlar “sadəcə olaraq, unudulmazdır”. “Səmimi deyə bilərəm ki, bu, həqiqətən də belədir. Mənim təəssüratlarım doğrudan da vəcdəgətirəndir. Bakı şəhərinin əsrarəngiz gözəlliyini özüm üçün təsəvvür edirdim, onun haqqında çoxlu mütaliə edir və filmlərə baxırdım. Lakin burada gördüklərim mənim təsəvvürlərimi xeyli üstələdi. Mən həm xəyalımdakı şəhəri gördüm, həm də gözləntilərimin də çox-çox üzərində olan böyük təəssürat aldım. Bu şəhərin hərtərəfli böyüməsi ilə bağlı enerjisi insanı heyran edir. Paytaxtınızın gözəlliyi valehedicidir. Aqlay daşı onu inanılmaz dərəcədə gözəl şəhərə çevirib. Küçələrdə gəzmək və ətrafı seyr etmək insana zövq verir”, - deyə rəssam vurğulayıb.

Azərbaycan mətbəxindən danışan V.Polunovski qeyd edib: “Sizin necə qonaqpərvər, qonaq qəbul etməyi sevən və bacaran millət olduğunuz barədə fikir yürütməyim artıq olar. Mətbəxə gəldikdə isə, mən burada çoxlu yeməklərin dadına baxdım. Azərbaycanda olan qastronomik məharətə heyran oldum. Hər şey çox bol və ağlasığmaz dərəcədə ləzzətli idi. Elə qutabı götürək. Günlərin birində mən hətta bu səmimi qonaqpərvərlikdən usandım və qərara gəldim ki, küçədə dönər yeyim. Lakin hətta ayranla yediyim bu dönər belə çox ləzzətli idi”.

Söhbətimiz zamanı yaradıcılıq məsələlərinə qayıdan V.Polunovski ümidvar olduğunu bildirib ki, bu tamaşa onun Kamran Şahmərdanla sonuncu birgə işi olmayacaq. “O, mənim üçün çox maraqlı insandır və ümidvaram ki, bir rəssam, peşəkar kimi mən də onun marağını cəlb etmişəm. Mən ona inanıram. Mənim birlikdə işlədiyim yeganə rejissor olmasa da, Kamranın dramaturji materialı seçmək qabiliyyəti çox xoşuma gəlir. Bir qayda olaraq, bu proses həm gözlənilməz, həm də keyfiyyətli olur. O çalışır ki, bəsit, təsadüfi və dəbdə olan əsərləri götürməsin. Mən heç vaxt Kamrandan dəbdə olan hər hansı bir tamaşanı ərsəyə gətirmək təklifi almadım, o, həmişə ortaya nə isə orijinal bir şey çıxarmağı təklif edir. Kamran Şahmərdanın sayəsində mən ilk dəfə teatrda Brextlə qarşılaşdım. Bu, məndə çox dərin təəssürat yaratdı. Ümidvaram ki, Kamran Şahmərdanla əməkdaşlığımız davam edəcək”, - deyə rəssam sözlərinə yekun vurub.

Qeyd edək ki, Valeri İsaakoviç Polunovski Krım Rəssamlıq Məktəbində (1976-1979-cu illər) və Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (Gennadi Sotnikovun emalatxanası, 1983-1988-ci illər) təhsil alıb. Krasnoyarsk Musiqili Komediya Teatrının, Novqorod Dram Teatrının, Baltiysk Donanması Dramatik Teatrının baş rəssamı olub. 70-dən çox tamaşanın quruluşçu rəssamıdır.

O, 1990-cı ildən Rusiya Rəssamlar İttifaqının üzvüdür, 1991-ci ildən isə Sankt-Peterburq Teatr Sənəti Akademiyasının müəllimidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.