REGİONLAR
Valeri Qrinev: “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında təşkilatçılıq yüksək səviyyədə idi
Naxçıvan, 13 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı yaddaşımızda dərin iz buraxıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ukraynalı beynəlxalq usta Valeri Qrinev deyib.
O, festivalda uğurlu nəticələr əldə etdiyini vurğulayaraq deyib ki, yarışa başlamazdan əvvəl “A” qrupunda əmsalına görə 17-ci sırada olub. Güclü zəka sahibləri arasında qalib olmağı onun gələcək karyerası üçün də əhəmiyyət kəsb edir.
“Şahmatçı üçün əsas məsələ turnirlərdə sakitlik və rahatlığın təmin olunmasıdır. Naxçıvanda bu baxımdan əziyyət çəkmədik. 10 günə yaxın burada qaldım, Naxçıvandakı sabitlik, şəhərin daim təmiz olması məni çox təəccübləndirdi. Təşkilatçılığa isə söz ola bilməz. Hər kəs bizimlə maraqlanırdı. Bu işdə əməyi olan, bizə bu şəraiti yaradan, idmana dəyər verən insanlara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələn il keçiriləcək festivalda yenidən iştirak edəcəyəm”, - deyə Valeri Qrinev bildirib.