İQTİSADİYYAT


Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Bakı, 20 sentyabr, AZƏRTAC

Dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər inkişaf edir. İqtisadi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılır, yeni layihələr həyata keçirilir, əməkdaşlığa dair müqavilələr imzalanır. İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün səylər xeyli artırılıb. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Çində səfərdə olub. İqtisadi sahədə əlaqələr digər sahələrdəki münasibətlər üçün mühüm əsas yaradır. Çin dünyanın ən güclü iqtisadiyyatıdır. Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir. Biz dost ölkə kimi daha çox Çin kapitalının Azərbaycana yatırılmasını arzu edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan Abşeron Logistika Mərkəzində “Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının Bakıya çatması münasibəti ilə keçirilən tədbir çərçivəsində deyib.

Van Çunqan bildirib ki, Sian - qədim İpək yolunun başlanğıc nöqtəsidir. Qədim İpək Yolu “Bir kəmər, bir yol” siyasətinin dəstəklənməsi məqsədilə Çin-Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi və inkişafı üçün Sian şəhərindən Bakıya xüsusi olaraq yük qatarı reysi ilk dəfə olaraq reallaşıb.

“Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri Çin Dəmir Yolları, Abşeron Logistika Mərkəzi, “Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC ilə Çinin “Ciuduo” beynəlxalq logistika şirkəti ilə birgə həyata keçirilib.

“39 ədəd 40 TEU və 2 ədəd 20 TEU ölçülü konteynerdən ibarət olan yük qatarı avqustun 25-də Çinin Sian şəhərindən yola salınıb. Yük qatarı Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Bu Siandan Bakıya yola salınan ilk yük qatarı olmasına baxmayaraq bir çox çətinlikləri aşaraq, uzun bir məsafəni uğurla qət edərək Bakıya çatıb. İnanırıq ki, hər iki tərəfin əməyi sayəsində bu xətt daimi olacaq və gələcəkdə yükdaşımalar daha da rahatlaşacaq, iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığının inkişafına öz töhfəsini verəcək”, - deyə Van Çunqan bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.