İDMAN
Van Yue: Bakı Şahmat Olimpiadasının təşkilatçıları qonaqlar üçün ideal şərait yaradıblar
Bakı, 11 sentyabr, AZƏRTAC
Ümumdünya Şahmat Olimpiadasında Çinin kişilərdən ibarət komandası dünya çempionu kimi çıxış edir. Hələlik komanda liderlərdən geridə qalır. O, İtaliya və İngiltərə yığmalarına məğlub olaraq xallar itirib.
AZƏRTAC xəbər verir ki, Çin komandasının lideri Van Yue Bakıda keçirilən yarışlar barədə təəssüratlarını bölüşüb: “Bakı haqqında xoş xatirələrim var. Yadımdadır, 2008-ci ildə FİDE Qran-prisi yarışlarının ilk mərhələsində çıxış edirdim. O vaxt Vüqar Həşimov və Maqnus Karlsen ilə birinci yeri paylaşdım. Şəhər sürətlə inkişaf edir və Olimpiadanın təşkilatçıları qonaqlar üçün demək olar ki, ideal şərait yaradıblar. Bu, həm oyunlara, həm də yaşayış şəraitinə aiddir. “Baku Crystal Hall” ümumiyyətlə insanı heyran qoyur”.
Van Yue, həmçinin Bakı Şahmat Olimpiadasında Çin komandasının çıxışı haqqında danışıb: “Bakıya dünya çempionları kimi gəlmişik və bu statusu doğrulmağa çalışırıq. Doğrudur, hələlik çıxışımız yaxşı alınmır, bir neçə mühüm xal itirmişik. Lakin komanda sonadək mübarizə aparmağa köklənib. Əlimizdən gələni edəcəyik, şansı hələ itirməmişik”.
Eyni zamanda, Van Yue Azərbaycan yığmasının Olimpiadada çıxışı barədə təəssüratlarını da bölüşərək deyib: “Azərbaycan yığması həmişə aparıcı rolda olub, Olimpiada medalına iddia edir. Bundan əlavə, komanda öz evində oynayır və bu amil ona kömək etməlidir”.