CƏMİYYƏT
Vanessa Sarçet: Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə güclü təsir bağışladı VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycanın paytaxtında Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Konfransın iştirakçısı, ASCO nümayəndəsi Vanessa Sarçet AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib: “Dünən biz MOM-un Uşaq Onkologiya Klinikasına, şüa terapiyası, reanimasiya və intensiv terapiya bölmələrinə baş çəkdik, xəstələrin müalicəsi üçün tətbiq edilən müasir avadanlıqla tanış olduq, müalicə proseslərini müşahidə etdik. Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə həqiqətən güclü təsir bağışladı. Belə ki, Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub. Burada gördüklərimiz belə güman etməyə əsas verir ki, Azərbaycan hökuməti ölkədə səhiyyə sahəsinə sanballı sərmayə qoyur, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi isə dünyanın aparıcı onkologiya mərkəzləri ilə müqayisə edilə bilər”.
Vanessa Sarçet daha sonra deyib: “Bizə verilən məlumata görə, Milli Onkologiya Mərkəzi son illərdə dünyanın aparıcı onkologiya mərkəzləri ilə, habelə onkoloji xəstələrin müalicəsi üçün zəruri olan ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Məsələn, 2015-ci ilin noyabrında Azərbaycan MOM ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən MOM-un mütəxəssisləri Amerika Onkoloji Mərkəzindən olan həmkarları ilə birgə elmi araşdırmalar və klinik tədqiqatlar aparırlar. ASCO nümayəndələri MOM-da aparılan tədqiqatlarla tanış olaraq yəqin ediblər ki, burada çox mürəkkəb cərrahiyyə əməliyyatları, habelə ciddi elmi axtarışlar aparılır. ASCO nümayəndələri Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq niyyətində olduqlarını bildiriblər”.