SİYASƏT


Vanq Çao: Prezident Əliyevin uzunmüddətli strateji baxışı və mükəmməl liderliyi Azərbaycanın qüdrətini artırıb

Pekin, 25 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev daxili islahatların dərinləşməsinə və insanların həyat şəraitinin yaxşılaşmasına həmişə diqqət yetirib. Onun uzunmüddətli strateji baxışı və mükəmməl liderliyi Azərbaycanın qüdrətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı və öz xalqının səmimi dəstəyini qazandı.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao bildirib. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin əsas natiq qismində çıxışına toxunan Vanq Çao dövlətimizin başçısının Cənubi Qafqazda regional inkişaf və əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərinin əhəmiyyətindən, Çinin bu regionla bağlı gözləntilərindən danışaraq deyib: “Cənubi Qafqaz ölkələri Çinin "Bir kəmər, bir yol" təşəbbüsü üzrə mühüm tərəfdaşlarıdır. Biz bu regionda sülhün və sabitliyin təmin olunmasını, qarşılıqlı faydalı əməkdaşlıq əsasında ümumi inkişafa nail olunmasını görməyə şad olarıq. Çin bu məsələdə beynəlxalq ictimaiyyətlə birlikdə konstruktiv rol oynamağa hazırdır”.

Vanq Çao Prezident İlham Əliyevin həmin videokonfransda Çin-Azərbaycan münasibətlərinin inkişafını və ölkələrimiz arasında bütün sahələrdə əməli əməkdaşlığı yüksək qiymətləndirdiyini xatırladaraq vurğulayıb ki, Çin-Azərbaycan münasibətlərinin gələcək inkişaf üçün böyük potensiala malik yaxşı dinamika nümayiş etdirilir. "Bir kəmər, bir yol" təşəbbüsü ikitərəfli münasibətlərdə yeni imkanlar yaradıb, həmçinin regional sülh və inkişafa töhfə verib. Dövlət başçıları Si Cinpin və İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində Çin-Azərbaycan münasibətləri son illər sürətlə inkişaf edir. Hər iki ölkə "Bir kəmər, bir yol" təşəbbüsünü çərçivəsində əməkdaşlığı inkişaf etdirir. Enerji, nəqliyyat, investisiya, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq ölkələrimizin xalqlarına böyük fayda gətirməklə davamlı inkişaf edir.

Müsahibimiz bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olan Azərbaycan Çinin mühüm tərəfdaşıdır. Azərbaycan Prezidentinin 2019-cu ildə Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakını və Çin lideri Si Cinpinlə səmərəli görüşünü xatırladan Vanq Çao hesab edir ki, Azərbaycanın tarixi İpək yolu üzərində nəqliyyat-tranzit qovşaq olmaq yolundakı fəaliyyəti "Bir kəmər, bir yol" təşəbbüsü ilə əhəmiyyətli dərəcədə səsləşir. İki strategiyanın sinerjisi və infrastrukturun tikintisinin sürətləndirilməsi Azərbaycana üçün öz coğrafi mövqeyindən istifadə etməklə Avropa və Asiyanı birləşdirən qovşaq olmaq üstünlüyünü təmin edəcək, həmçinin Çin ilə Azərbaycan arasında əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.

Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Çin-Azərbaycan dostluğunun böyük tarixi olduğunu, iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu andan bəri münasibətlərimizin müxtəlif çağırışların sınağından çıxaraq, davamlı inkişaf dinamikasını qoruduğunu bildirib. O, iyunun 2-də dövlət başçıları İlham Əliyev və Si Cinpinin telefon danışığı zamanı liderlərinin iki ölkə arasında münasibətlərin daha da inkişafı ilə bağlı fikirlərinə diqqət çəkərək deyib: “Xüsusilə dövlət başçılarının rəhbərliyi və təşviqi sayəsində son illər iki ölkə arasında yüksək səviyyəli təmaslar çoxalıb, qarşılıqlı siyasi etimad isə tərəflərin əsas maraqlarına aid məsələlər üzrə bir-birinə qarşılıqlı dəstəyi sayəsində möhkəmlənib. Bizim praktiki əməkdaşlığımızda, xalqlar arasında mədəni mübadilədə davamlı irəliləyişin şahidi olmuşuq, COVID-19 pandemiyası ilə birgə mübarizə tədbirləri səmərəli olub. Bunlar xalqlarımıza çox böyük faydalar verib.

Pandemiya ilə mübarizədə Çin və Azərbaycanın bir-birinə kömək etdiyini vurğulayan Vanq Çao hesab edir ki, bu dəstək çətin dövrdə bizim dostluğumuzu bir daha sübut etdi.

Vanq Çao Pekinin Çin-Azərbaycan münasibətlərini yeni zirvəyə qaldırmaq üçün müxtəlif sahələrdə praktik əməkdaşlığı genişləndirməyə hazır olduğunu, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını və bu məqamın münasibətlərimizdə mühüm mərhələ olacağını bildirib. “Çin tərəfi dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların uğurla reallaşması, qarşılıqlı siyasi etimadın daha da möhkəmləndirilməsi, inkişaf strategiyalarımız arasında daha böyük sinerjiyə nail olunması üçün ikitərəfli münasibətlərin konkret nəticələrlə inkişafına nail olmaq istiqamətində Azərbaycanla işləməyə hazırdır. Çin-Azərbaycan münasibətləri möhkəm dostluq telləri və işıqlı perspektivlə xarakterizə olunur. Əminəm ki, hər iki tərəf əlaqələrimizin 30 illiyini əhəmiyyətli nəticələrlə qeyd edəcək”, - deyə Vanq Çao vurğulayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.