CƏMİYYƏT


Vaqif Əsədov: “Diqqət uşaqlar” aylığı çərçivəsində paytaxtın təhsil müəssisələrində maarifləndirici tədbirlər keçiriləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Daxili işlər nazirinin müvafiq əmri ilə sentyabrın 20-dən oktyabrın 20-dək ölkəmizdə “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi tədris ili ərzində təhsil müəssisələrində keçiriləcək maarifləndirici tədbirlərlə bağlı fəaliyyət proqramını təsdiq edib. Proqramda pandemiya rejiminin tələblərin riayət edilməklə müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin məqsədi yol-hərəkəti qaydalarının uşaqlara öyrədilməsi və ümumiyyətlə yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün təbliğat işinin genişləndirilməsidir.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a müsahibəsində məlumat verib.

V.Əsədov vurğulayıb ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda ümumi istifadədə olan yollara daha yaxın məsafələrdə yerləşən təhsil müəssisələrində BŞDYPİ-nin əməkdaşları – təbliğat üzrə inspektorlar baş leytenant Pərvanə Muradova və leytenant Rüstəm Əhmədli müəllim, valideyn və şagirdlərlə görüşlər keçiriblər. Həmin görüşlərdə təbliğat xarakterli plakatlar məktəblərin giriş-çıxışlarına yapışdırılıb. Həmçinin azyaşlı uşaqlar, xüsusilə birinci sinfə gedən şagirdlərlə söhbətlər aparılıb və yol-hərəkəti qaydaları, işıqforun tələblərinə aid məlumat verilib. Yol-nəqliyyat hadisələrinin ağır nəticələrini nəzərə alaraq, hərəkətin hər bir iştirakçısı məsuliyyətini dərk etməli və təhlükəsizlik tələblərini düzgün yerinə yetirməlidir.

“Yol polisi olaraq tərəfimizdən inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, təbliğat xarakterli tədbirlərin də reallaşdırılmasına üstünlük verilir. Bu da yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir. Bu sahədə təkcə yol polisi əməkdaşları deyil, evlərdə valideynlər, məktəblərdə müəllimlər, küçə və yollarda isə biz böyüklərin üzərinə məsuliyyət düşür. Gəlin, təhlükəsizliyimizi birgə təmin edək!”, - deyə Vaqif Əsədov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.