CƏMİYYƏT
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0 dərəcədən - 2 dərəcəyədək aşağı düşəcəyi proqnozlaşdırılır. Buna görə də sürücülər yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.
V.Əsədov bildirib: “Şaxtalı hava şəraitində avtomobil sahibləri və sürücülər mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər. Belə hava şəraitində istifadə olunan avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik. Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir. Piyadalar yolların hərəkət hissəsindən hərəkət etməsinlər, yalnız onlar üçün ayrılmış səkilərdən istifadəyə üstünlük verməlidirlər”.