ORDU
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub
Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
Düşmən tərəfinin Azərbaycan Ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə etməsi, pilotsuz uçuş aparatlarımızın (PUA), tankımızın vurulması, erməni kəndlərinin tərəfimizdən atəşə tutulması, yaralılara kömək məqsədilə qruplar üzrə qana ehtiyacın olması, guya yaşayış məntəqələrimizdə hərbi təyinatlı vasitələrin yerləşdirilməsi və bu qəbildən digər dezinformasiya xarakterli məlumatlar yayılıb və bu gün də yayılmaqdadır. Bütün hallarda həmin saxta məlumatları təsdiqləyən dəlillər təqdim edilməmişdir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib: “Düşmənin bu cür dezinformasiyalarına inanmayın. Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. Ermənistanla informasiya müharibəsində ön sıralarda media nümayəndələri və sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız, vətənpərvər gənclərimiz dayandılar. Döyüşlər barədə geniş auditoriyanın şəffaf, dəqiq və operativ məlumatlarla təmin edilməsində böyük rol oynayan bütün media nümayəndələrinə bir daha dərin təşəkkürümüzü bildirirəm”.
Hərbi əməliyyatlar zamanı minlərlə vətəndaşımızın ordu sıralarına qoşulmaq üçün müraciət etdiklərini vurğulayan V.Dərgahlı deyib: “Minlərlə vətənpərvər oğul və qızlarımız, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçularımız, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə döyüşlərə qatılmaq üçün hərbi xidmətə çağırılmalarını xahiş ediblər. Bu günədək təkcə Müdafiə Nazirliyinin elektron poçt ünvanına 17 minə yaxın müraciət daxil olub. Müdafiə Nazirliyi xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır”.