MƏDƏNİYYƏT
Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Özbəkistanda nəşr olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Özbəkistanda nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki “İjod Press” nəşriyyatında çap olunan kitaba müəllifin eyniadlı povesti, müxtəlif dövrlərdə qələmə aldığı hekayələri daxil edilib. Povest və hekayələri özbək dilinə yazıçı-publisist Rüstəm Cabbarov tərcümə edib.
Qeyd edək ki, “Ölüm yuxusu” müəllifin özbək oxucularına təqdim olunan ilk kitabıdır. Kitaba daxil edilən povest və hekayələr müxtəlif vaxtlarda Özbəkistanda çıxan “Cahan”, “Soqdiana”, “Darakçı”, “Bekajon”, “7x7” kimi jurnal və qəzetlərdə, habelə Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Ömürdən uzun gecə” antologiyasında yayımlanıb.
“Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən qəbiristanlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Hadisə və əhvalatların xaos kontekstində təqdimi obrazların daxili-mənəvi dünyasını bütün yönləri ilə aşkarlamağa imkan verir. Məzarlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.
Kitaba daxil edilmiş “Səhər dumanı”, “Vətən”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Qütb gecəsi”, “Axşam günəşi”, “Xurmayı saçlar”, “İlğım”, “Xallı”, “İlan əfsanəsi”, “Kül qəfəs” və başqa hekayələr fərqli üslub və yazı tərzi ilə seçilməkdədir. Bütövlükdə povest və hekayələri birləşdirən ümumi cəhət onların cəmiyyətə hakim olan mənəviyyatsızlaşma, yaddaşsızlaşma, özgələşmə probleminə etiraz ruhu ilə seçilməsidir.
Tanınmış özbək ədəbiyyatşünası Xurşidə Qədirova kitaba yazdığı “Həyat və xəyalət inikası” adlı “Ön söz”də Vaqif Sultanlının yaradıcılıq yolunu geniş şəkildə təhlil etmiş, povest və hekayələrin ideya-məzmun və bədii sənətkarlıq özəlliklərini səciyyələndirmişdir.