MƏDƏNİYYƏT


Vaqif Sultanlının hekayələr kitabı Sankt- Peterburqda yayımlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı Vaqif Sultanlının “Kül qəfəs” (“Пепельная клетка”) adlı kitabı Rusiyada nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun “Super” nəşriyyatında yayımlanan kitaba müəllifin müxtəlif dönəmlərdə yazıb mətbuatda və antoloji toplularda dərc etdirdiyi “Zolaqlı yuva”, “Tərs axın”, “Ağ yol”, “Qütb gecəsi”, “Nəvai-Qumru”, “Kor düyün”, “Axşam günəşi”, “Ada”, “Yad”, “İlan əfsanəsi” və başqa hekayələri daxil edilib. Tanınmış yazar və tərcüməçi İnessa Lovkovanın redaktorluğu ilə nəşr olunan hekayələri rus dilinə Natəvan Xəlilova, Mədinə Eldarova, Nadir Ağasıyev, Liliya Gərayzadə və Cavid Abbaslı çeviriblər.

Kitaba daxil edilən hekayələrin əsas mövzusu çağdaş cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma, biganələşmə, mənəvi aşınma kimi ciddi sosial və əxlaqi sorunlara söykənir. Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınan yazılarda müəllif mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.

Qeyd edək ki, “Kül qəfəs” Vaqif Sultanlının rusdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Bundan öncə müəllifin “Yarpaqsız budaqların yaşıl nəğməsi” (2017), “Ölüm yuxusu” (2018), “Səhra savaşı” (2019) kitabları müxtəlif nəşriyyatlarda yayımlanmışdır.

Kitabı ozon.ru, litres ru, amazon com və başqa saytlardan əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.