CƏMİYYƏT
Varşavada keçirilən beynəlxalq konfransda Ermənistanın ölkəmizə qarşı təxribatları pislənilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Polşanın ATƏT-ə sədrliyi çərçivəsində sentyabrın 26-dan oktyabrın 7-dək Varşavada İnsan ölçüsü üzrə konfrans keçirilir. Varşava konfransının tolerantlıq, milli azlıqlara mənsub şəxslərin hüquqları, başqa dövlətlərin vətəndaşları ilə rəftar və miqrantların insan hüquqları mövzusuna həsr edilən V plenar sessiyasında Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəman təmsil edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BBMM-in müşaviri Aytən Qəhrəman sessiyada çıxış edərək nifrət və dözümsüzlüklə bağlı ciddi problemlərin aradan qaldırılmasının açarı kimi bütün iştirakçı dövlətlər tərəfindən beynəlxalq hüquqa, ATƏT-in prinsiplərinə və öhdəliklərinə ciddi riayət etməklə müəyyənləşdirildiyini deyib. O, həmçinin qeyd edib ki, bu kontekstdə Azərbaycan multikulturalizm, xüsusən də mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınmasına verdiyi töhfə ilə tanınır. “Azərbaycan mədəniyyətlər arasında bağlar axtarmaq və körpülər qurmaqla paralel olaraq, mədəni müxtəlifliyin təşviqi və qorunması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüklə mübarizədə, eləcə də bəşəriyyətin birləşməsində multikulturalizmin təşviqinin mənfi meyillərə qarşı mübarizədə mühüm töhfə verə biləcəyi qənaətindədir”, - deyə o qeyd edib.
A.Qəhrəman, həmçinin Ermənistan QHT nümayəndəsinin Azərbaycanın ünvanına səsləndirdiyi bütün əsassız ittihamları rədd edib. O, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda ittiham etməzdən əvvəl, Ermənistan silahlı qüvvələrinin bu gün də davamlı olaraq törətdiyi müharibə cinayətləri dayandırmalı olduğunu deyərək, regiondakı vəziyyəti belə şərh edib: “Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi müddətdə bu ərazilərin tarixi-mədəni xüsusiyyətlərini dəyişdirmək və saxtalaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirib. Nəticədə Azərbaycanın tarixi və mədəni abidələri məhv edilib, ibadət yerləri təhqirlərə məruz qalıb”.