DÜNYA
Varşavada taksi sürücüləri yeni qanuna etiraz edirlər
Varşava, 9 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavanın küçələrində yüzlərlə taksi sürücüsü hazırda Uber kimi telefon əlavələri vasitəsilə sərnişin daşıma xidmətlərinin tətbiqinə icazə verən yeni qanuna etiraz edir.
AZƏRTAC xəbər verir ki, etirazçılar Varşavada hərəkəti saxlayaraq şəhər nəqliyyatını iflic vəziyyətə gətiriblər. Onlar deyirlər ki, hökumətin yeni qanunu adi taksi sürücülərini işlərindən etməklə yanaşı, onları haqsız rəqabətə sürükləyəcək.
Etiraz edən sürücülər ABŞ səfirliyinin önünə gələrək özəyi Kaliforniyada yerləşən Uber şirkətinə mesaj göndəriblər. Daha sonra onlar Polşanın Sahibkarlıq və Texnologiyalar Nazirliyinə tərəf gediblər.
İnfrastruktur naziri Andjey Adamçik bildirib ki, yeni qanun istənilən formada taksi xidməti göstərən şəxsləri vergi verməyə məcbur edir, lakin Uber kimi xidmətlər daha ucuz işləyərək daha çox sərnişin cəlb edir.
Taksi sürücüləri aksiyanı davam etdirəcəklərini deyirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava