CƏMİYYƏT


Vasif Əliyev: Pandemiya davam etdiyi müddətdə gələcəkdə əlavə dozalara ehtiyac yarana bilər

Bakı, 11 oktyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı qoruyuculuq yaratmaq üçün iki doza vaksin vurulur. Bundan sonra hər vaksinin nəticələrinə görə bədəndə müəyyən qədər qoruyuculuq yaranır. Vaksinlər arasında ən yüksək qoruyuculuğa malik olanı “Pfizer”, “Moderna” peyvəndləridir. Bədənimizdə qoruyucu anticisimlər təbii yolla da, yəni xəstəliyi keçirməklə və ya passiv yolla, yəni immunizasiya - peyvəndləmə yolu ilə yaranır. Nəticədə yaranmış anticisimlər bizi ya virusa yoluxmaqdan ya da xəstəliyi daha da ağır keçməkdən qoruyur. Peyvənd vurdurmaq heç zaman xəstəliyi keçirməmək demək deyil. Sadəcə vaksin xəstəliyi daha yüngül, asimptomatik keçirməyə kömək edir. Hazırda həmin xəstəlikdən qorunmaq üçün başqa vasitə yoxdur. Koronavirusun spesifik müalicəsi olmadığı müddətdə və pandemiya davam etdiyi dövrdə yeganə qorunma vasitəsi peyvəndləmədir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Üçüncü doza vaksinə niyə və nə zaman ehtiyac var? İki doza vaksindən müəyyən müddət keçəndən sonra bədənimizdəki anticisimlər neqativləşməyə doğru gedir, yəni azalır. Daha əvvəl xəstəliyi keçirmiş insan da ikinci, üçüncü dəfə xəstəliyi keçirə bilir. İstər peyvəndləmə, istərsə də təbii yolla yaranmış anticisimlərin miqdarı müəyyən müddət keçəndən sonra elə həddə yaxınlaşır ki, biz virusla təmasda olduğumuz zaman xəstəliyi yenidən keçirə bilərik. Bədənimizdə anticisimlərin miqdarını optimal səviyyədə saxlamaq üçün üçüncü dozaya ehtiyac var. Araşdırmalara görə, üçüncü dozanı ikinci dozadan 6 ay sonra vurdurmaq tövsiyə olunur. Üçüncü doza koronavirusa yoluxmaqdan 11, yoluxma baş verərsə belə ağırlaşmadan 19 dəfə qoruyur”, - deyə V.Əliyev qeyd edib.

TƏBİB-in nümayəndəsinin sözlərinə görə, iki doza “CoronaVac” peyvəndi qəbul edənlər, üçüncü dozanı istənilən vaksin növündən vurdura bilərlər: “Yaxşı olardı ki, vurdurduğumuz vaksini davam etdirək. Lakin yeni ştamlar göstərdi ki, “CoronaVac” peyvəndi “Pfizer” və “Moderna”ya nisbətən qoruyuculuq baxımından bir addım geridə qalır. Avropada aparılan tədqiqatlara görə “Pfizer” daha çox qoruyucudur. Bir həkim kimi üçüncü dozanı “Pfizer” vurdurmağı məsləhət görərdim. Lakin pandemiya davam etdiyi müddətdə üçüncü doza ilə işimizi bitmiş hesab etməməliyik. Xəstəliyin yeganə qorunma vasitəsi peyvənddirsə və pandemiya hələ də davam edirsə, gələcəkdə əlavə dozalara ehtiyac yarana bilər.

Hər il oktyabrdan marta qədər qrip əleyhinə peyvəndlənmə aparılır. Koronavirus əleyhinə peyvəndi də ildə iki dəfə təkrarlaya bilərik. Gələcəkdə yeni peyvəndlər hazırlana, onların qoruyuculuğu daha çox ola və daha çox mutasiyalara təsir göstərə bilər. Pandemiyanın davam etdiyi, spesifik bir müalicə olmadığı, virusun mutasiya edib özünü yüngülləşdirmədiyi müddətdə yeganə vasitə peyvənddir. Bir peyvəndin qoruyuculuq müddətinə əsasən digər dozalardan istifadə oluna bilər. Ola bilər elə peyvənd ərsəyə gətirildi ki, bir il müddətində anticisim pozitivliyi yarada bildi. Bu zaman ildə bir dəfə vaksinasiya aparıla bilər. Hələ ki, dünyada üçüncü doza müzakirə mövzusudur. Buna baxmayaraq, pandemiya müddəti uzandıqca peyvəndləmə müddəti də uzana bilər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini üçüncü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.