SİYASƏT


Vasif Hüseynov: Avropada Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini yüksək qiymətləndirirlər

Bakı, 7 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin sentyabrın 30–dan oktyabrın 1-dək Bolqarıstana etdiyi rəsmi səfər iki dövlət arasında əlaqələrin yüksək səviyyəsini və inkişaf potensialını göstərməklə yanaşı, ölkəmizin xarici siyasətinin mühüm uğuru kimi dəyərləndirilməlidir. Qeyd etmək lazımdır ki, iki dövlət arasındakı əlaqələr strateji xarakter daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov söyləyib.

Ekspert qeyd edib ki, Bolqarıstan Azərbaycanın Avropa İttifaqında (Aİ) strateji əməkdaşlıq haqqında sənəd imzaladığı doqquz ölkədən biridir. 17 il öncə dövlətimizin başçısının Bolqarıstana səfəri çərçivəsində imzalanmış bu sənəd ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməl qoyub və sonrakı uğurların başlanğıcı olub.

“Bu gün Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayır. Cənubi Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac olunan qazın bir hissəsinin Bolqarıstana çatdırılması üçün vacib texniki tələb olan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılışı da məhz Prezident İlham Əliyevin son səfəri çərçivəsində həyata keçirildi. Açılış mərasimində Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən ölkəmizin və dövlətimizin başçısının ünvanına səsləndirilən tərifləri eşitmək qürurverici məqamlar idi. Aydındır ki, Avropada Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini yüksək qiymətləndirirlər. Buna görədir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları üçün hər cür fürsətdən istifadə edən qüvvələrə Bolqarıstan səfəri bir dərs olmalıdır”, - deyə V.Hüseynov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Avropanın hazırda üzləşdiyi ağır enerji böhranında etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, bir sıra qeyri-enerji sahələrində də köhnə qitənin vacib tərəfdaşıdır. Mövcud geosiyasi vəziyyətlə əlaqədar digər nəqliyyat xətlərində yaranmış çətinliklər kontekstində “Şərq-Qərb” nəqliyyat dəhlizinin və bu dəhlizin açar dövləti kimi Azərbaycanın əhəmiyyəti xeyli artıb. Bu nöqteyi-nəzərdən nəqliyyat sahəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığının yeni səviyyəyə çatması təəccüblü deyil. Azərbaycan Xəzər regionunda, Bolqarıstan isə Qara Dənizdə strateji mövqeyə malikdir və iki dövlət arasında əməkdaşlıq ümumilikdə Avropa və Asiya arasında stabil nəqliyyat əlaqəsinin təminatı üçün getdikcə artan əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.