QAN YADDAŞI


Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 20 yanvar, AZƏRTAC

Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan İcmasının üzvləri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfirliyin birinci katibi Toğrul Əliyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biridir. Diplomat qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq Vətən üçün canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov çıxışında 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu xüsusi qeyd edib. O, faciəyə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Anım gecəsində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində səfirliyin inzibati binasının önündə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və faciənin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

AZƏRTAC-ın Vaşinqton Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.