SİYASƏT


Vaşinqtonda 8 Noyabr - Zəfər Günü qeyd edilib VİDEO

Vaşinqton, 10 noyabr, AZƏRTAC

Vaşinqtonda Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü qeyd edilib. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan, Türkiyənin Vaşinqton Silahlı Qüvvələrinin attaşesi briqada generalı Hakan Çanlı, eləcə də bir çox səfirlər, diplomatlar, hərbi attaşelər və çox sayda qonaqlar iştirak ediblər.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin oxunması ilə başlayan mərasimdə xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək, bu günün hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb etdiyini, xalqımızın bu Zəfər Günü üçün çox əziyyətlər çəkdiyini bildirib.

Bir milyondan çox azərbaycanlının xaricdə, 700 min insanın isə Azərbaycan daxilində qaçqın vəziyyətinə düşdüyünü xatırladan Ceyhun Bayramov 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası başda olmaqla bir çox beynəlxalq təşkilatların ermənilərin Qarabağdan tamamilə çıxarılmasını tələb etsə də, onlar Qarabağda etnik təmizləmə də daxil olmaqla, bir çox cinayətlər törətdiyini bildirib.

Nazir Qarabağ məsələsinin siyasi yolla həlli mümkün olmadığı üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarının geri alınması üçün hərbi əməliyyatlara başladığını deyib.

Ceyhun Bayramov Ermənistanın 30 il müddətində Qarabağda böyük dağıntılar törətdiyini diqqətə çatdırıb. Ərazilərimiz işğaldan azad olunandan sonra buranın qısa zamanda bərpası üçün son iki ildə 3 milyard dollar vəsait ayırdığını bildirib.

Daha sonra Azərbaycanın Ermənistan tərəfini sülh danışıqlarına çağırdığını qeyd edib: “Azərbaycan sülhə hazırdır, ancaq bir ildir ki, ölkəmizin sülh təklifinə cavab verilmir. Azərbaycan bu dəfə fevral ayında mətn hazırlayıb və biz bunu gələcək saziş üçün əsas prinsiplər adlandırırıq. Bu, həm erməni tərəfinə çatdırılıb, həm də ictimaiyyətə açıqlanıb”.

Ceyhun Bayramov Azərbaycan və Ermənistan liderlərinin daha sonra görüşdüyünü və XİN rəhbərlərinə danışıqlarla bağlı işləmək üçün göstərişlər verildiyini, bundan sonra oktyabrda Cenevrədə, bir neçə gün öncə Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenlə bir araya gəldiklərini bildirib.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.