SİYASƏT
Vaşinqtonda İran azərbaycanlılarının vəziyyəti ilə bağlı müzakirələr keçirilmişdir
Vaşinqton, 13 aprel (AZƏRTAC). ABŞ-ın Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil etmişdir. İnstitutun sədri professor Frederik Star demişdir ki, belə bir tədbir zərurətini bu mövzu barədə Amerikanın elmi dairələrində cüzu məlumatın olması yaratmışdır. Müzakirələrdə Azərbaycan mənşəli amerikalı kardioloq Şapur Ənsari və ABŞ-ın “Vest Point” Hərbi Akademiyasının tələbəsi Hüseyn Pənahov məruzələrlə çıxış etmişlər. Şapur Ənsari tədbirin iştirakçılarına İranın azərbaycanlı əhalisinin həyatı və oradakı vəziyyət barədə uşaqlıq xatirələri, eləcə də mütəmadi səfərləri zamanı gördükləri əsasında məlumat vermişdir. Zabit Hüseyn Pənahov isə Akademiyada İran azərbaycanlıları üzrə apardığı elmi təqdiqatın nəticələrini açıqlamışdır. Natiqlər İranın azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan adlandırılan bölgəsinin tarixi, siyasi, iqtisadi, sosial və demoqrafik göstəriciləri barədə mövcud məlumatları təqdim etmişlər. Onların fikrincə, Qərbi Azərbaycan bölgəsinin əhalisi bu gün İranda mədəni hüquqlarının pozulması ilə üzləşməkdədir. Sayı otuz milyondan çox olmasına baxmayaraq, azərbaycanlılar ana dilində təhsil almaq imkanından məhrumdurlar. Bununla yanaşı, bir faizdən az olan erməni mənşəli əhali ölkədə fəaliyyət göstərən altı ermənidilli məktəbdə oxuya bilir. Müzakirələr zamanı İran azərbaycanlılarının ölkənin son 400 illik tarixində bütün cərəyan edən əsas hadisələrdə aparıcı iştirakı və siyasi fəallığı qeyd olunmuşdur. Vurğulanmışdır ki, türk mənşəli azlıqların İranda istənilən hərəkatı həmişə dincliyi ilə fərqlənmiş, mövcud etirazlar isə ana dilində danışmaq, təhsil almaq istəkləri ətrafında cəmləşmişdir. Tədbirdə İran İslam Respublikasına ölkə Konstitusiyasına uyğun olaraq bütün milli azlıqların dil hüquqlarının tanınmasına hörmətlə yanaşılması çağırışları səslənmişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşiqnton