MƏDƏNİYYƏT


Vaşinqtonda “Leyli və Məcnun” operası nümayiş etdirilib VİDEO

Vaşinqton, 23 mart, AZƏRTAC 

Martın 22-də dünya şöhrətli “Leyli və Məcnun” operasının Vaşinqton şəhərində premyerası olub. Yeni versiyada böyük uğurla təqdim olunan görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operası ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıblar. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, faciəvi sevgini əks etdirən opera 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinə uyğunlaşdırılıb. Qeyd edilir ki, məşhur Nizami Gəncəvi və Məhəmməd Füzuli tərəfindən tərcümə olunan hekayə Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhurdur. Qərbdə daha çox tanınan “Romeo və Cülyetta” hekayəsinə bənzər, lakin ondan bir qədər əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bir çox şeir, vizual incəsənət əsəri, ədəbiyyat, kino və musiqilər məhz “Leyli və Məcnun”dan ilham alınaraq ərsəyə gətirilib.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. 2016-cı ildə nüfuzlu “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. 1980-ci ildə o, Mark Morris Dance Group (MMDG) adlı rəqs kompaniyasının təməlini qoyub və son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. Mark Morrisin layihələri dünyanın ən nüfuzlu səhnələrində, o cümlədən ABŞ-ın Metropoliten Operasında və Böyük Britaniyanın Kovent Qarden teatrında dəfələrlə nümayiş olunub.

Mark Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə reallaşdı. Həmin ilin mart ayında Mark Morris Bakıya səfər edib, Alim Qasımovla və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Son iki il ərzində konsertlər ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Berklidə, Sietlda, Ənn Arborda, Çikaqoda və Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. “Leyli və Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

“Leyli və Məcnun” layihəsinin təməlini qoyanlardan biri də 2017-ci ildə dünyasını dəyişən böyük britaniyalı rəssam Hovard Hockindir. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlamışdı.

“Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçisi kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.

“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli və tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlə, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sözsüz ki, biz Azərbaycan musiqisi və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

Konsertlər, həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayiş etdiriləcək.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.