İQTİSADİYYAT


Vaşinqtonda Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan nümayəndələrinin iştirakı ilə CAMCA regional forumu keçirilir

Vaşinqton, 22 iyun, AZƏRTAC

İyunun 21-də Vaşinqtonda Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan nümayəndələrinin iştirakı ilə CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan)regional forumu onlayn formatda işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumun təşkilatçıları qismində ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan, məşhur alim Frederik Starrın rəhbərlik etdiyi Mərkəzi Asiya və Qafqaz İnstitutu, habelə, Donald Ramsfeld adına nüfuzlu Amerika Fondu çıxış edir.

Forumda CAMCA regionunun iqtisadi perspektivləri müzakirə ediləcək. Əsas müzakirə mövzuları regionalizm ilə bağlı məsələlər, xarici investisiyalar üçün imkanlar və maneələr, regionda yeni sahibkarlar sinfi, təhsilin və əmək bazarının ehtiyacları, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması və başqa məsələlər olacaq.

Forumun ilk günü Mərkəzi Asiyada yeni regionalizm mövzusuna həsr edilib. Bununla əlaqədar Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, “Nazarbayev Universiteti” Açıq Səhmdar Cəmiyyətinin prezidentinin müşaviri Dennis de Trey, Beynəlxalq Valyuta Fondunda Yaxın Şərq və Mərkəzi Asiya şöbəsinin direktor müavini Subir Lall, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov, “Smartgov Сonsulting” şirkətinin rəhbəri Əzizə Umarova, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov çıxış ediblər.

T.Ziyadov çıxışında qeyd edib ki, Qafqaz Avrasiya regionunun mühüm tərkib hissəsidir. O, Avropa və Asiyada iqtisadi meyllərin beynəlxalq ticarətdə böyük hissə təşkil etdiyini vurğulayaraq bildirib ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində regionalizmin möhkəmliyi region ölkələrinin Cənubi Qafqazı daha geniş Avropa və Asiya regionu ilə nə dərəcədə uğurla əlaqələndirə bilməsindən asılıdır. Bunun üçün regionun iqtisadi qovşaqlarının əlaqələndirilməsi zəruridir. Bu prosesin ən mühüm elementləri ölkələrin infrastrukturu arasında qarşılıqlı bağlılıq və regional hablar yaradılmasıdır.

T.Ziyadovun sözlərinə görə, beynəlxalq ticarətdə hab və birləşdirici qovşaq olmağa çalışan hər bir ölkə yaxşı inkişaf etmiş infrastruktura malik olmalıdır. Bundan əlavə, hər bir ölkə öz infrastrukturunu qonşu ölkələrin infrastruktur elementləri ilə əlaqələndirməyi bacarmalıdır, yəni gömrük, sərhəd xidməti və digər dövlət idarələri arasında əlaqələrin inkişaf etdirilməsi yolu aeroportlar, avtomagistrallar, dəmir yollar vasitəsilə qonşu ölkələrlə daim əlaqə saxlamalıdır ki, region ölkələrinin ərazisindən həyata keçirilən ticarətə əngəl yaranmasın. Bundan sonra region ölkələri beynəlxalq ticarətə imkan verən “beşulduzlu hablar” yaratmalıdırlar. Belə hablara nümunə kimi Ələt, Mersin, Poti, Aktau, Məzari-Şərif və başqalarının adlarını çəkmək olar.

CAMCA regional forumu siyasətlə və partiya fəaliyyəti ilə bağlı olmayan tədbirdir. Forumun vəzifəsi Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi və sosial inkişafı məsələlərinə dair regional dialoqu genişləndirməkdir. CAMCA Cənubi Qafqazdan Monqolustana qədər geniş ərazini əhatə edən 10 ölkənin nümayəndələrinin regional əməkdaşlıq üçün yeni imkanları müzakirə edə biləcəkləri azsaylı platformalardan birinə çevrilib.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.