İQTİSADİYYAT
Vaşinqtonda “Şahdəniz-2” və “Cənub qaz dəhlizi” mövzusunda “dəyirmi masa” keçirilmişdir VİDEO
Vaşinqton, 5 mart (AZƏRTAC). Martın 4-də Vaşinqtonda ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Şahdəniz-2” və “Cənub qaz dəhlizi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Mərkəzin baş tədqiqatçısı Edvard Çounun moderatorluğu ilə baş tutmuş bu tədbirə əsas məruzəçi qismində dəvət olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və sərmayələr üzrə vitse-prezidenti Vitaliy Bəylərbəyov çıxış etmişdir.
Əvvəlcə “Cənub qaz dəhlizi” layihəsi haqqında məlumat verən V.Bəylərbəyov bu layihənin Azərbaycan və region ölkələri üçün əhəmiyyətini xüsusi vurğulamışdır. O, eləcə də “Şahdəniz-2” layihəsinə dair ötən ilin dekabrında imzalanmış yekun sərmayə qərarı barədə söhbət açmış, yatağın perspektivləri və Azərbaycanın beynəlxalq tərəfdaşları ilə həyata keçirdiyi məhsuldar əməkdaşlıq barədə ətraflı məlumat vermişdir.
Məruzəsində ARDNŞ-in vitse-prezidenti Azərbaycanın Xəzər dənizindəki digər qaz yataqlarının potensialından danışmış, “Cənub qaz dəhlizi”nin Avropa ölkələrinin iqtisadiyyatında oynayacağı rolun əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, həmin enerji dəhlizi təkcə Azərbaycanda hasil ediləcək qaz ilə məhdudlaşmayacaq, eyni zamanda, digər təbii qaz ixracatçıları üçün də tranzit rolunu oynayacaqdır.
Sonra ABŞ-ın Enerji Departamentinin Rusiya və Avrasiya işləri üzrə ofisinin direktoru Elizabet Urbanas, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji və milli təhlükəsizlik proqramının baş məsləhətçisi Robinson Uest “Şahdəniz-2” layihəsinin və ümumiyyətlə, “Cənub qaz dəhlizi”nin ABŞ və Avropa üçün mahiyyəti haqqında fikirlərini bölüşmüş və Birləşmiş Ştatların bu layihələrə verdiyi davamlı dəstəyi xatırlatmışlar.
Çıxışlardan sonra V.Bəylərbəyov auditoriyanın suallarını cavablandırmışdır.
Kifayət qədər böyük maraqla qarşılanmış bu tədbirdə ABŞ-ın dövlət qurumlarının, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun, analitik mərkəzlərin, mətbuatın və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton