SİYASƏT
Vaşinqtonda əsassız erməni iddialarına qarşı yürüş keçirilib VİDEO
Vaşinqton, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “soyqırımı” iddialarına qarşı etiraz yürüşü keçirilib. Türk icmasının təşəbbüsü ilə təşkil olunan, Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.
Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu-York icmalarının fəalları iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə, yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üzərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçinin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.
Yürüşdə Türkiyənin və Azərbaycanın ABŞ-dakı səfirləri Serdar Kılıç və Elin Süleymanov da iştirak ediblər.
Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton