DÜNYA


Vaşinqtondakı Milli Kafedral Kilsədə ata Corc Buş ilə vida mərasimi keçirilib

Vaşinqton, 6 dekabr. AZƏRTAC

Vaşinqtonda ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş ilə dekabrın 5-də planlaşdırılan vida mərasimi ilə əlaqədar, həmin gün ABŞ-da matəm elan edilmişdir. Vida mərasimi Vaşinqtondakı Milli Kafedral Kilsədə keçirilib.

AZƏRTAC xəbər verir ki, ata Buşun bazar ertəsi Kapitoli binasında qoyulmuş, üzərinə ABŞ bayrağı örtülmüş tabutu sabiq prezidentlə vidalaşmaq arzusunda olanlar üçün Milli Kafedral Kilsəyə gətirildi. Mərasimdə minlərlə insan, o cümlədən indiki dövlət başçısı Donald Tramp, dörd sabiq prezident – oğul Corc Buş, Cimmi Karter, Bill Klinton və Barak Obama, həmçinin dünyanın bir sıra ölkələrinin rəhbərləri iştirak edib.

Ata Corc Buş İkinci Dünya müharibəsinin qəhrəmanı kimi məşhurdur. Həmin müharibədə o, ABŞ Hərbi Hava Qüvvələrinin ən gənc təyyarəçisi olub. 1967-ci ildə C.Buş Texas ştatından ABŞ Konqresinə seçilib, sonrakı illərdə Riçard Nikson administrasiyasında ABŞ-ın BMT-də daimi nümayəndəsi, Cerald Ford administrasiyasında Amerikanın Çindəki səfiri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, nəhayət 1981-1989-cu illərdə Ronald Reyqan administrasiyasında vitse-prezident olub.

1988-ci ildə prezident seçkilərində qalib gələrək bir prezidentlik müddətinə Ağ Evin rəhbəri olub. Ata Buşun prezidentliyi dövründə sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb, Berlin divarı sökülüb, Varşava Müqaviləsinə xitam verilib, Sovet İttifaqı dağılıb, keçmiş SSRİ-nin və Varşava müqaviləsinin iştirakçıları olan onlarca ölkə siyasi müstəqillik əldə edib.

Vaşinqtonda vida mərasimi başa çatandan sonra ata Corc Buşun tabutu Hyustona aparılacaq, orada o, Prezident Kitabxanasının və Kollec Station Muzeyinin ərazisində arvadı Barbara Buşun və qızı Robinin məzarları yanında dəfn ediləcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.