REGİONLAR
Vaxtilə işğal altında olan çaylarımız indi Aran bölgəsinin torpaqlarına ruzi-bərəkət gətirəcək – Bu gün Su çərşənbəsidir VİDEO
İmişli, 23 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün – fevralın 23-ü ölkəmizdə Novruzun əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir. Su çərşənbəsi Baharın ilk müjdəçilərindəndir. Əsrlər boyu nəsildən-nəslə keçərək günümüzə qədər gəlib çatan bu inancın bir çox adət-ənənələri olub.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaratmışdır. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəl çərşənbə”, “gül çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər də keçirilərdi.
İmişli sakini, 90 yaşlı Rza Teymurov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Su çərşənbəsinin unudulmaqda olan ənənələrindən danışıb.
Novruz çərşənbələrinin əvvəlki kimi təm-təraqla qeyd edilmədiyini bildirən Rza kişi deyib ki, baharın xəbərçisi olan Su çərşənbəsində vaxtilə bir çox adət-ənənələr, mərasimlər icra olunardı. “Səhər tezdən, dan yeri sökülmədən qızlar-gəlinlər səhəng götürüb çay sahilinə gedər, arzu və niyyətlərini suya danışardılar. İnanca görə suya danışılan arzular tezliklə gerçəkləşir. Həmçinin Su çərşənbəsi günü su təzələndiyinə görə axar sudan götürülüb həyət-bacaya səpilərdi. Bu isə suyun bolluq, paklıq gətirməsi inancından irəli gəlirdi. Lakin indi belə adətlər qalmayıb...”.
Su çərşənbəsinin çərşənbələr arasında birinci gəlməsini isə həmsöhbətimiz onunla əlaqələndirir ki, bəşəriyyət, torpaq susuz yaşaya bilmədiyi üçün bu çərşənbə əvvəl qeyd olunur. “Bütün canlı aləm məhz su ilə həyat tapır. Elə buna görə də birinci Su çərşənbəsi gəlir. Həmçinin inanca görə Su çərşənbəsindən sonra çaylar, bulaqlar donmaz, gur su ilə axar, həyat canlanar”, - deyə ağsaqqal əlavə edib.
Rza Teymurov builki Su çərşənbəsinin xalqımızın illərdir gözlədiyi arzusunun gerçəkləşməsindən sonra ilk Novruz çərşənbəsi olduğunu xatırladaraq deyib: “İllərdir Su çərşənbəsində arzu-niyyət edərdik ki, Qarabağımız, torpaqlarımız azad olunsun. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuz sayəsində bu arzumuz da gerçəkləşdi. Artıq torpaqlarımız kimi çaylarımz, bulaqlarımız, dağlarda olan buzlaqlarımız da azaddır. Bax, kənarında dayandığımız bu su hövzəsi Arazdan ayrılır. Vaxtilə işğal altında olan Həkəri və digər çaylarımız da Araza qovuşur, Laçının, Kəlbəcərin dağlarından süzülüb gələn sular indi Aran bölgəsinin torpaqlarına ruzi-bərəkət gətirəcək”.
Su çərşənbəsi haqqında danışan digər müsahibimiz Kərim Kərimov isə bildirib ki, bir çox adətləri olan bu çərşənbədə uşaqlar müxtəlif oyunlar oynayardılar. “Məsələn, “əvvəl gəldi”, “beş daş”, “qayış döydü” kimi tarixi oyunlarımız vardı. Lakin indi gənclər Su çərşənbəsində demək olar ki, “Tik-tok” “Facebook”, “Instagram” kimi sosial şəbəkələrdə paylaşımlar etməklə kifayətlənirlər. Sosial şəbəkələrin müəyyən müsbət məqamları olsa da, bu baxımdan mənfi cəhətləri də var. Xüsusən nəzərə alsaq ki, indiki gənclər günlərinin əksəriyyətini sosial şəbəkələrdə keçirirlər, ona görə də adət-ənənələrimiz, milli oyunlarımız unudularaq yaddan çıxmaqdadır. Amma bu adət-ənənələr bizim milli kimliyimizdir. Bu dəyələrin yaşadılması üçün çalışmalı, onları gənclərimizə ötürməliyik ki, milli adət-ənənələrimizin unudulmasının qarşısını ala bilək”, - deyə o qeyd edib.
Xatırladaq ki, martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd olunacaq.