ELM VƏ TƏHSİL


Veb-proqramlaşdırma üzrə yarışın final mərhələsinə start verilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də “WorldSkills Azerbaijan” platforması tərəfindən veb-proqramlaşdırma üzrə ölkə səviyyəsində təşkil edilən yarışla bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi Pərviz Yusifov media nümayəndələrinə veb-proqramlaşdırma yarışı və “WorldSkills” hərəkatı haqqında məlumat verib. O, son illər ölkəmizdə veb-texnologiyaları istiqaməti üzrə təhsilin bütün sahələrində yeniliklər tətbiq edildiyini, keçirilən yarışın əsas hədəfinin də məhz bu istiqamətdə gənclərin inkişafını dəstəkləmək olduğunu diqqətə çatdırıb. Mətbuat konfransı zamanı, həmçinin növbəti tədris ilindən etibarən 3 ixtisas üzrə tədrisin “WorldSkills” standartlarına əsasən tətbiq ediləcəyi bildirilib.

Qeyd olunub ki, bugün veb-proqramlaşdırma üzrə yarışın final mərhələsinə də start verilib. Yaşı 21-dək olan gənclər arasında keçirilən yarışın ilkin seçim turunda yüksək nəticə göstərənlər final mərhələsində iştirak imkanı əldə ediblər. Üç moduldan ibarət final mərhələsində müsabiqə iştirakçıları “dizayn”, “front-end” və “back-end” modulları üzrə praktiki tapşırıqları yerinə yetirirlər. Yarış ölkəmizdə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir. Yarış zalına daxil olan hər bir iştirakçının hərarəti ölçülür, həmçinin iştirakçılar tibbi maskalarla təmin edilirlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb-proqramlaşdırma yarışı ölkəmizdə “WorldSkills” modelinə uyğun keçirilən ilk yarışdır. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən edilib. Veb-proqramlaşdırma yarışının qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.

Bildirilib ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə Olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.