REGİONLAR


Vefalı Enser: Naxçıvan elm, təhsil və turizm baxımından türk dünyasının regional körpüsünə çevrilir

Naxçıvan, 27 iyun, Rauf Kəngərli, AZƏRTAC

Bu gün müxtəlif ölkələrdən nümayəndələr qədim diyara gəlir və sevindirici haldır ki, onların burada gəzintiləri yüksək səviyyədə təşkil olunub. Biz də Naxçıvanın bir sıra tarixi abidələrini, mədəniyyət müəssisələrini, gəzməli-görməli yerlərini ziyarət etdik. Müşahidə etdiyimiz bu oldu ki, muxtar respublikada tarixi abidələr yüksək səviyyədə bərpa olunur, qorunur, ətraf mühitə həssaslıqla yanaşılır, quruculuq işlərində tarixiliklə müasirlik həmahəng şəkildə tətbiq olunur.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Malatya Turgut Özal Universitetinin rektorunun mətbuat müşaviri, həmin universitetin Sənət, dizayn və memarlıq fakültəsinin müəllimi dosent Vefalı Enser deyib.

Vefalı Enser qeyd edib ki, muxtar respublikada yeni infrastruktur quruculuğu işləri aparılıb, turizmin inkişafı üçün məqsədyönlü işlər həyata keçirilib. Möcüzəli bir əraziyə sahib olan Naxçıvanın təbii gözəlliyi, füsunkar təbiəti, maraqlı landşaftı buna geniş imkanlar açır. O deyib: “Mən əvvəlki illərdə də Naxçıvana gəlmişəm. Müqayisə apardıqda çox böyük fərqlərin şahidi oluram. Mənimlə gələn digər qonaqlar da bunu xüsusi qeyd edirlər. Məsələn, 25 il əvvəlki dövrə nəzər yetirdikdə görürəm ki, arada çox böyük fərqlər var. Bugünkü Naxçıvan yenidən qurulub, yenidən ucaldılıb. Hər tərəf tərtəmiz, insanları mehriban, gülərüzdür. Əslən azərbaycanlı olduğum üçün mən bundan daha çox qürur duydum. Arzumuz budur ki, bu inkişaf davamlı olsun”.

Onun sözlərinə görə, Zəngəzur koridoru açıldıqdan sonra Naxçıvan daha da inkişaf edəcəkdir. Muxtar respublika türk dünyası ilə əlaqələrin qurulmasında öz tarixi rolunu bir daha oynayacaq, qədim “İpək yolu” canlanacaqdır. Bu, regionun inkişafına da öz əvəzsiz töhfəsini verəcək, nəqliyyat əlaqələri genişlənəcək, bununla birlikdə Naxçıvanda turizm sahəsi də sürətlə inkişaf edəcək. Ümumiyyətlə, bu gün gedən proseslər onu göstərir ki, Naxçıvan elm, təhsil və turizm baxımından türk dünyasının regional körpüsünə çevrilir.

Muxtar respublikada keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini də qeyd edən Vefalı Enser Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak etdiyini xatırladıb. Bildirib ki, Malatya Turgut Özal Universitetinin rektoru professor doktor Aysun Bay Karabulut iş qrafikinə görə foruma gələ bilmədiyi üçün onun təmsilçisi kimi bu mötəbər tədbirdə iştirak edib. Rektorun mətbuat müşaviri vurğulayıb ki, Naxçıvanda keçirilən forum Türkiyə, Azərbaycan və ümumilikdə, türk dünyasının elmi ictimaiyyəti arasında əlaqələrin möhkəmlənməsinə çox böyük töhfə verib. Bu, gələcəkdə sıx təcrübə mübadiləsinin də əsasını qoyur.

Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşdüyünü, müəllimləri ilə fikir mübadiləsi apardığını da bildirən Vefalı Enser deyib ki, həqiqətən də bu ali təhsil ocağının ciddi elmi potensiala malik olduğunu gördüm. Burada təhsil yüksək səviyyədə təşkil edilib. Xüsusən də forumda könüllü olaraq öz vəzifələrini canla başla yerinə yetirən tələbələrə, gənclərə və təşkilat komitəsinə minnətdarlıq edir, Naxçıvan Dövlət Universitetinin bütün kollektivinə bundan sonrakı elm və təhsil işlərində uğurlar arzulayıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.