DÜNYA
Vegetarianlar İngiltərə Bankından yeni 5 funtun dövriyyədən çıxarılmasını tələb edir
Bakı, 1 dekabr, AZƏRTAC
İngiltərə Bankı təsdiq edib ki, 5 funt-sterlinq nominalında olan yeni plastik banknotun tərkibində heyvan yağı var. “Tvitter” sosial şəbəkəsində Mərkəzi Bankın tənzimləyicisi istifadəçilərin suallarına cavab verərək bildirib ki, yeni əsginasın hazırlanmasında mal və qoyun yağlarından istifadə olunur.
AZƏRTAC “banks.eu”ya istinadla xəbər verir ki, bu xəbər banknotların tərkibində heyvan yağından istifadə olunmasına etiraz edən vegetarianları və veqanları çox hiddətləndirib. Onların sözlərinə görə, əsginaslarda heyvan yağlarından istifadə milyonlarla veqanlar, vegetarianlar, industlar və Böyük Britaniyanın digər şəxsləri üçün qəbuledilməzdir.
“Tvitterdə” ictimaiyyətin geniş əks-sədasına baxmayaraq, Mərkəzi Bank yenidən tərkibində heyvan yağları olmayan əsginaslar buraxmağa hazır olduğunu bildirməyib.
Bu ilin sentyabr ayında İngiltərə Bankı üzərində Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin təsviri olan 5 funt-sterlinq nominalında yeni plastik əsginas dövriyyəyə buraxmışdı. Banknotun ilkin tirajı 400 milyon nüsxədir. Üzərində Elizabet Frayın rəsmi olan köhnə əsginaslar gələn il mayın 5-dək qanuni ödəniş vasitəsi kimi dövriyyədə qalacaq.