CƏMİYYƏT


Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərmandan irəli gələn məsələlərlə bağlı Vəkillər Kollegiyası tərəfindən genişmiqyaslı işlər görüləcək.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov aprelin 18-də AZƏRTAC-a müsahibəsində deyib.

A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası qanunvericiliyə nəzərdə tutulan müvafiq dəyişikliklərin hazırlanması üçün işçi qrupu yaradıb. Vəkillərə müraciət etmişik ki, işçi qrupunun işində fəal iştirak etsinlər. Çalışacağıq ki, Fərmanda Vəkillər Kollegiyasına tapşırılan məsələlərlə bağlı peşəkar səviyyədə iş görək və aidiyyəti qurumlara təqdim edək. Mülki-prosessual, cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı təkliflər hazırlayacağıq. Cinayət qanunvericiliyinin humanistləşməsi və dekriminallaşdırılması ilə bağlı da müvafiq təkliflər hazırlamağı planlaşdırırıq.

“Vəkillər Kollegiyası üçün ən vacib məsələlərdən biri dövlət hesabına hüquqi yardımla bağlı aparılan islahatlardır. Prezidentin müvafiq Fərmanının 13-cü bəndində bununla bağlı məsələlər əksini tapıb. Burada əsas məsələ sovet dövründən bəri və bu gün də bizdə qalan dövlət hesabına hüquqi yardımın göstərilməsi mexanizminin dəyişdirilməsidir. Keçən il Prezident İlham Əliyev dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin məbləğini üç dəfə artırıb. Bu, çox ciddi addımdır. Bu gün həmin mexanizmdə dəyişikliklərin edilməsi ona gətirib çıxaracaq ki, bütün vəsaitlər Vəkillər Kollegiyasına köçürüləcək. Beləliklə, bir sıra hallarda vəkillərin üzləşdikləri problemlər, süründürməçilik halları və digər mənfi hallar aradan qalxacaq. Hesab edirəm ki, vətəndaşlar və vəkillər aparılan bu islahatların müsbət nəticələrini görəcəklər”, - deyə A.Bağırov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.