CƏMİYYƏT


Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 12 mart, AZƏRTAC 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, vəkilliyə qəbulla bağlı hazırkı vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, dövlət qulluğuna qəbulla bağlı fəaliyyətlərinin dayandırılması və sair müraciətlərinə, o cümlədən yeni nümunəli xidməti vəsiqələrin tətbiqi ilə bağlı məsələlərə baxılıb. Bununla əlaqədar köhnə nümunəli vəsiqələrin bu il mayın 1-dən qüvvədən düşmüş hesab olunması barədə qərar qəbul edilib.

Tədbirdə, həmçinin son dövrlər Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş yeniliklər, görülmüş mütərəqqi işlər, əsasən, vəkillərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, habelə vəkillərin maraqlarının müdafiəsi istiqamətində atılmış addımlar barədə müzakirələr aparılıb. Bununla belə, son vaxtlar mətbuat və sosial şəbəkələrdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkilliyin nüfuzuna xələl gətirən böhtan, yalan və təhqir xarakterli məlumatların yayılması halları barədə fikir mübadiləsi aparılıb və belə halların hüquq ictimaiyyətinin təəssüfünə səbəb olduğu bildirilib. Bununla bağlı iclasda intizam icraatları ilə əlaqədar məsələlərə baxılıb, vəkilliyin nüfuzuna xələl gətirən böhtan, yalan və təhqir xarakterli məlumatların yayılması halı nəzərə alınmaqla intizam icraatının başlanılması barədə qərar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar sair məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.