CƏMİYYƏT
Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün sənəd qəbulu bərpa edilir
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.
Sənədlər dekabrın 11-dən gələn il yanvarın 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında (Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48) qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıdakı sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər: Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil, kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi hal.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.
Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.