CƏMİYYƏT
Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib YENİLƏNİB
Bakı, 5 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada keçirilən imtahanda 280 namizəd iştirak edib.
Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Bu suallardan 60 mümkün balı toplayan 3 saat davam edən imtahanda bilavasitə 271 nəfər iştirak etmiş, onlardan 159 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 58,67 faiz təşkil edir. Namizəd imtahanın növbəti – şifahi mərhələsində iştirak haqqı qazanıb. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunub və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat verilib.
Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri imtahan prosesini izləyiblər.
Koronavirus pandemiyası ilə əlaqədar imtahan Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq təşkil edilib. İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq, üç saat ərzində Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektron qaydada həyata keçirilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində bildirib ki, son iki ildə ölkəmizdə vəkilliyə qəbulla bağlı çoxsaylı imtahanlar keçirilir. Ölkəmizdə vəkilliyə böyük maraq var. Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahan bu tədbirlərin davamıdır. İmtahanda iştirak edən ən yaşlı namizəd 72, ən gənci isə 23 yaşındadır. Yaş kateqoriyası baxımından regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 65, digər regionlar üzrə isə 35 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 13 faizi xarici, 87 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar. Bu siyahıda ilk yeri 44 faiz ilə Bakı Dövlət Universiteti tutur.
Xüsusi vurğulanıb ki, bu il vəkillik dinamik şəkildə inkişaf edir və bu sayədə bir sıra yeniliklər var. Keçən ildən etibarən dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı da Vəkillər Kollegiyasının funksiyaları genişlənib. Dövlət hesabına hüquqi yardım üçün ödənilən vəsait məhz Vəkillər Kollegiyası tərəfindən təmin edilir. Bu da vəkilliyə göstərilən böyük etimaddır. Bu il əsas məqsədimiz ölkədə vəkillərin sayını artırmaq, dövlət hesabına göstərilən hüquqi yardımın səviyyəsini yüksəltməkdir. Bununla bağlı tədbirlər və videokonfrans formatında görüşlər mütəmadi keçirilib. Əvvəlki illərin təhlilləri nəticəsində bir çox problemlər üzə çıxarılaraq aradan qaldırılıb. Hesab edirik ki, vəkillərimiz dövlət hesabına göstərilən hüquqi yardımı yüksək peşəkarlıqla həyata keçirirlər. Vəkillər Kollegiyası formal vəkilliklə qətiyyən barışa bilməz. Formal vəkilliklə bağlı mövcud hallarla çox ciddi mübarizə aparırıq. Bəzi hallarda hüquqi yardımını formal göstərən vəkillərimiz intizam məsuliyyətinə cəlb olunur.
Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.