CƏMİYYƏT


Vəkillər Kollegiyasında hakim vəzifəsinə təyin edilmiş vəkillərlə görüş keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov fevralın 12-də hakim vəzifəsinə təyin edilmiş vəkillərlə Kollegiyanın Rəyasət Heyətində görüş keçirib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Anar Bağırov bildirib ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ötən müddətdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində də bir çox işlər görülüb, o cümlədən hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan Məhkəmə-Hüquq Şurası yaradılıb, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması, fəaliyyətinin qiymətləndirilməsi və sair məsələlər dünya standartlarına uyğunlaşdırılıb. Görülmüş bu işlər zamanı Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunub.

Sevindirici haldır ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş Vəkillər Kollegiyasının 9 üzvü - Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə, Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə, Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə, Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 80 nəfərə çatıb.

Anar Bağırov yeni seçilmiş hakimlərə dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanını xatırladaraq gələcək fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmağı, süründürməçiliyə və digər neqativ hallara yol verməməyi tövsiyə edib.

Tədbirin sonunda Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif edildiyi fəxri fərmanları təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.