CƏMİYYƏT
Vəkillər Kollegiyasının “Advokat” futbol komandası beynəlxalq turnirdə üçüncü yeri tutub
Bakı, 17 sentyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının üzvlərindən ibarət “Advokat” futbol komandası Litvanın Vilnüs şəhərində keçirilmiş beynəlxalq turnirdə üçüncü yeri tutub.
Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, Litva Vəkillər Kollegiyası tərəfindən təşkil olunan turnirə Şərqi Avropa və bir sıra MDB ölkələrinin vəkillər kollegiyalarının futbol komandaları qatılıblar.
Vəkillər Kollegiyasının rəhbərliyi turnirdən sonra “Advokat” komandasının üzvləri ilə görüşüb.
Görüşdə Kollegiyanın sədri Anar Bağırov bu cür sosial tədbirlərin vəkilliyin nüfuzunun artırılmasındakı əhəmiyyəti, habelə növbəti ildə Azərbaycan vəkilliyinin 100-cü ildönümü ilə bağlı beynəlxalq futbol turnirinin keçirilməsi barədə fikirlərini bölüşüb, Kollegiyanın bundan sonra da komandanın fəaliyyətinə dəstək verəcəyini bildirib.
“Advokat” futbol komandasının rəhbəri, vəkil Elçin Usub qeyd edib ki, komandanın sıralarının genişləndirilməsi və yeni vəkillərin cəlb olunması istiqamətində işlər görülür.
Sonda komandanın Litvada qazandığı kubok Kollegiyanın muzeyinə təqdim olunub.