CƏMİYYƏT


Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində görüş keçirilib

Bakı, 15 fevral, AZƏRTAC 

Bakıda və Abşeronda fəaliyyət göstərən 20-dək vəkil qurumunun rəhbərləri ilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində görüş keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurum tərəfindən son dövrlər görülmüş işlər, xüsusilə vəkillərin sayının artırılması, 2019-cu ildə Rəyasət Heyətinə daxil olmuş müraciətlərin statistikası, vəkil qurumlarına hüquqi yardım üçün müraciət etmiş şəxslərlə vəkillər arasında müqavilələr bağlanarkən ödənişlərin nağdsız əməliyyatlar formasında aparılması, dövlət hesabına həyata keçirilən hüquqi yardım işində vəziyyət və qurumların bu məsələdə rolu, vəkillərin vergi və digər məcburi sosial sığorta yükümlülüyü və bu sahədə gözlənilən müsbət dəyişikliklər, ümumən respublika üzrə vəkillərin intizam icraatının dinamikası barədə ətraflı məlumat verib.

Sonra qurumların rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və bir sıra əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda bir sıra vəkil qurumlarının rəhbərləri vəkilliyin inkişafına verdikləri töhfələrinə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif ediliblər.

Bundan başqa, Vəkillər Kollegiyasının rəhbərliyi ilə vəkilliyə namizədlərin icbari təlimində təlimçi qismində fəaliyyət göstərən vəkillər, habelə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində formalaşdırılmış mülki və cinayət sahələri üzrə işçi qruplarda fəaliyyət göstərmiş vəkillərlə də görüş keçirilib.

Görüşdə Anar Bağırov yaxın perspektivdə vəkillərin artım dinamikası, Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən vəkillərin davamlı tədrisinin təşkili, bu işə xüsusilə vəkil təlimçilərin cəlb olunmasının zəruriliyi, vəkillərin praktik bilik və vərdişlərə yiyələnmələrində davamlı tədrisin rolunun əhəmiyyətini qeyd edib.

Sonra tədris prosesində və işçi qruplarında fəallıqlarına görə seçilən üzvlər “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.