CƏMİYYƏT
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçılara Kollegiyanın fəaliyyəti, vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib, gələcək dövrdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
İclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa təklif edilən dəyişikliklər layihəsi, Vəkillər Kollegiyasında könüllülük fəaliyyətinin təşkili, “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə yenidən baxılması, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması, eləcə də İsmayıllı rayon vəkil bürosunun, “Kamandar Nəsibov və partnyorları” və “Mütəllimov və partnyorları” vəkil bürolarının təsis olunması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.
İclas çərçivəsində bir sıra intizam məsələsinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.