CƏMİYYƏT
Vəkillər Kollegiyasının dəstəyi ilə beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsi keçirilir
Bakı, 17 yanvar, AZƏRTAC
Fevralın 9-da ADA Universitetində Filip Cessup beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinin final raundu keçiriləcək. Müsabiqənin mərhələləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə təşkil olunur.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, 100-dək ölkədən 600-dan çox hüquq məktəbinin qatıldığı ən böyük məhkəmə müsabiqəsinin bu il 60 illiyi tamam olur. Milli raundlarda qalib gələn komandalar ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək beynəlxalq raundlara vəsiqə qazanacaqlar. Bu müsabiqə Azərbaycanda 13 illik fasilədən sonra ilk dəfə keçirilir.
Builki müsabiqənin Azərbaycan raundunda Bakı Dövlət Universitetinin və Dövlət Gömrük Komitəsi Akademiyasının hüquq fakültələrinin komandaları iştirak edirlər. Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərə dair məsələləri əhatə edir.
Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, hüquqi yazı və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının önə çəkilməsinə və inkişafına köklənərək, onları peşəkar təcrübəyə hazırlayır.
Azərbaycan milli raundları “AtaBank”ın, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin, “Grata” və “MGB” hüquq şirkətlərinin dəstəyi ilə keçirilir.
Final mərhələsində iştirak etmək üçün Vəkillər Kollegiyasının saytı vasitəsilə qeydiyyatdan keçmək lazımdır.